Menyu

Layihə haqqında

KARAJALA — Köklərimiz bizi birləşdirir
Mənim adım Muradov Eldar Nizami oğlu dur. Həmkəndlilərimizin çoxu məni Rəsul müəllimin nəvəsi kimi tanıyır.
Məni həmişə bir sual düşündürüb: dünyada nə qədər qaracallı var? Hansı ölkələrdə, hansı şəhərlərdə yaşayırıq? Aramızda nə qədər gənc ailə, uşaq və hörmətli ağsaqqal-ağbirçək var?
Hələ 20–25 il əvvəl atam da həmkəndlilərimiz haqqında belə məlumatları toplamağa çalışırdı. Lakin o dövrdə bugünkü texnologiyalar və imkanlar olmadığı üçün bu ideyanı tam həyata keçirmək mümkün olmamışdı.
Bu gün mən atamın başladığı işi davam etdirməyə qərar verdim və şəxsi təşəbbüsümlə KARAJALA layihəsini yaratdım.
Məqsədim təkcə əhalimizin siyahıyaalınmasını aparmaq deyil. İstəyirəm ki, doğma kəndimizin tarixini, şəkillərini, xatirələrini və nəsillər arasındakı bağları qoruyub saxlayaq. Övladlarımız və nəvələrimiz harada doğulub yaşamasından asılı olmayaraq, öz köklərini tanısınlar.
Gələcəkdə arzum KARAJALA-nı dünyanın müxtəlif ölkələrində yaşayan həmkəndlilərimizi birləşdirən böyük bir beynəlxalq icmaya çevirməkdir. Elə bir icma ki, bir-birimizə dayaq olaq, xeyirxah işlər üçün birləşək, yaşlı nəslimizin qayğısına qalaq və birlikdə faydalı layihələr həyata keçirək.
Amma əvvəlcə bilməliyik ki, biz nə qədərik!
Əziz həmkəndlilərim! Hər birinizdən xahiş edirəm: özünüzü və ailənizi qeydiyyatdan keçirin, bu layihə haqqında qohumlarınıza və dostlarınıza danışın, saytın linkini başqa şəhər və ölkələrdə yaşayan qaracallılarla paylaşın.
Nə qədər çox insan qoşularsa, ortaq tariximiz də bir o qədər dolğun olar.
Harada yaşamağımızdan asılı olmayaraq, hamımızı birləşdirən bir doğma məkan var — bizim Qaracala!
Hörmətlə,
Eldar Muradov